Pasxa süfrəsi, bayram həvəsi!

Pasxa süfrəsi, bayram həvəsi!

Pasxa bayramının astanasındayıq! Bu bayram çox dərin dini məna kəsb edir, çünki dirçəliş və real həyata oyanışı əks etdirir.


İtaliyada Pasxa bayramı ailədə, birikdə olmaq sevincini paylaşaraq qeyd olunur. Bu il isə, bir qədər fərqli Pasxa olacaq: bayramı həmişəki kimi keçirmək mümkün olmasa da, tezliklə, nəhayət ki, hamımızın görüşə biləcəyi o gün gələcək!

Bütün sevdiyimiz bayramlar kimi, Pasxa da ənənəvi bayram süfrəsi olmadan qeyd edilməz. Pasxa menyusu bölgədən bölgəyə dəyişən mətbəx ənənələrinə əsaslanır: bayramda kimi ənənəvi yeməklər hazırlamağı seçir, kimisi isə, qonaqlarına yeni və orijinal ləzzətlər təklif etməklə menyunu dəyişməyi üstün tutsa da, Pasxa bayramının kulinariya atributlarını gözardı etmir.

Onda gəlin birlikdə, soyuq qəlyanaltıdan tutmuş, şirniyyata kimi Pasxa menyusuna qısaca nəzər salaq!

Süfrəyə qoyulan Pasxa rəmzlərindən biri də, oyanışı təcəssüm etdirən müxtəlif formalarda təqdim olunan yumurtalardır. Yumurta Pasxa ziyafətinə ləzzətli qəlyanaltı ilə start vermək üçün əla seçimdir: süfrədə soyutma, dogranmış, içi doldurulmuş, paşot yumurta növündən istənilən biri olmasa olmaz. Qat-qat xəmirdən hazırlanmış, içi doldurulmuş yumurta, kəsmik, çuğundur yarpağı və ya ispanaqdan hazırlanmış duzlu Liquriya Pasxa piroqu, və içliyi salyami, qoyun pendiri və istiotdan ibarət olan, çörək xəmirindən hazırlanmış, üstü bütöv yumurtalarla bəzədilən Neapol sayağı kazatiello vaz keçilməyən ləzzətlər sırasındadır.

Pasxa menyusunda fərqli çeşiddə təqdim olunan isti yeməklərə, lazanyadan tutmuş ravioli, talyatella və fettuççinaya qədər müxtəlif təzə xəmir xörəkləri aiddir. Xəmir xörəklərlə yanaşı ətirli rizotto üçün də mükəmməl seçim olan klassik ət sousundan əlavə, yaz fəslinin nübarı, qulançar və yabanı otların sintezi də bəyəniləndir.

Pasxa bayramında, ikinci yeməkdə ən mükəmməl seçim, bütün yarımadada yetişdirilən, fərqli ölçüləri seçilərək müxtəlif formalarda hazırlanan, quzu və çəpişdir: məsələn, turşaşirin dadlı, pörtlədilmiş, marinadlanmış, güvəcdə bişirilmiş, quzu budu ləvəngisi, ədviyyatlı langet, sobada bişmiş bud əti. Quzu əti ilə hazırlanmış tipik bayram yeməklərindən Roma sayağı quzu qovurmasını xatırlamaq olar, lakin süfrədə digər ət məhsullarından və balıqdan hazırlanmış təamlar da istisna edilmir.

Indi isə, nahardakı müsbət əhval-ruhiyyəni tamamlamaq üçün, şirniyyat məqamıdır. Sırada ilk öncə iki möhtəşəm pasxa şirniyyatıdır: kolomba (göyərçinşəkilli şirniyyat) və  uşaqlı-böyüklü, hamı üçün içində sürprizlər gizlənən şokolad yumurtalar. Kolomba, uzun hazırlanma prosesi olan, şəkərli qlazur və badamla bəzədilmiş, öz formasına görə göyərçini xatırladan mayalı xəmirdən hazırlanmış tipik şirniyyatdır. Bundan sonra isə, meydan regional şirniyyat nümunələrinindir, şəkərli xəmirdən hazırlanmış, içi kəsmikli, qaynadılmış və şəkərli buğdadan hazırlanan Neapol pastierası, qırmızı xəmiri ağ şirə ilə örtülmüş kökə, çaramikola umbra, içi kəsmiklə doldurulmuş kekslər, pardulas sarde...Və bunlar sadəcə bir neçəsidir!

Colomba Pasquale, Pastiera Napoletana & Ciaramicola Umbra

Beləliklə, Pasxa bayramında yemək menyusu, əsl sintez və ləzzət təntənəsi, yeni mövsümün məhsullarını dadmaq üçün mükəmməl bir fürsətdir. Ənənəyə sadiq qalsanız da, daha zərif bir şeylər hazırlamağı seçsəniz də, bir şeyə əminik: Pasxa süfrəsindən acqarına qalxmaq təhlükəsi yoxdur!

Müəllif: Rita Pistore
Tərcümə: Kəmalə Əliyeva

10 Aprel 2020