Bu il, öz dövrünün azsaylı tanınmış və incə zövqlü sənətkarlarından biri olan Rafael Santinin (daha çox, sadəcə Rafael kimi tanınan) vəfatından 500 il ötür. Rafaelin əsərləri bütün nəsillərə öz təsirini göstərmişdir: rənglər, üzlərin xüsusiyyətləri, fırça vuruşları; diqqəti cəlb edən və insana aid olmayan bu "mükəmməlliyin” içində özümüzü unutmağa məcbur edən bir burulğandır. Rafael əslində dünyanın ən önəmli İntibah dövrü sənətkarlarından biridir.

O, 6 aprel 1483-cü ildə Urbino şəhərində varlı bir ailədə anadan olub, atası Covanni Santi də rəssam idi. Ona aid olan ilk əsərlərdən biri, 1498-ci ildə cəmi 15 yaşı olarkən hazırladığı "Madonna və Uşaq"  freskasıdır. Bir il sonra, 1499-cu ildə sənətkar kimi ilk rəsmi sifarişini alır, təhsilini Florensiya və Perucada davam etdirir. Artan müvəffəqiyyətlə qarşılaşdığı Umbriyada bir neçə il qalaraq özünü bir rəssam və İntibah memarı kimi təsdiqlədi. Artıq incəsənət səhnəsində baş qəhrəman olan Rafael, Roma, Florensiya ve Siyena şəhərlərində davamlı fəaliyyətindən sonra, 21 yaşında canlandırdığı "Məryəmin Nigahlanması"  əsəri ilə İlahi sənətkar zirvəsinə yüksəlir.
Mikelancelo və Leonardo da Vinçi kimi "həmkarları" ilə əhatə olunduğu qısa amma qeyri-adi həyatında o, karyerasının ən pik nöqtəsində olarkən, cəmi 37 yaşında, 6 aprel 1520-ci ildə vəfat etdi. Öz vəsiyyətinə uyğun olaraq Romadakı Panteonda dəfn edilib.


Yubileyi münasibətilə bütün İtaliyada Rafaelə həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılır. Təəssüf ki, "Covid-19" pandemiyası nəticəsində bəzi sərgilər dayandırıldı,bəziləri isə təxirə salındı. Tezliklə hər şeyin yaxşı olacağına ümid edərək, doğma şəhərindən başlayaraq nəzərdə tutulan ən maraqlı tədbirləri sizə tövsiyə etmək istəyirəm:
 
Urbino, Marke regionu:

  • Dukale sarayının Kastellare zalında, İyun - Oktyabr arasında (dəqiq tarix hələ bəlli deyil), məşhur sənətşünas Vittorio Zqarbinin rəhbərliyi ilə "Rafael və Baldassarre Kastilyone" adlı sərgi olacaq. Əsərlər və əşyaların nümayişindən əlavə, sənətkarların, zadəganların və diplomatların yaşadığı bir dövrdə Rafael və Baldassarre Kastilyone arasındakı münasibətlər də müzakirə ediləcək;
  • Aprelin 4-dən İyulun 5-dək Santa Casa (Müqəddəs Evin) Pontifiko Muzeyində orjinal versiyası yoxa çıxan "Madonna Örtüklə" və ya "Loretonun Madonnası" əsərlərinə həsr olunmuş "Sirli Hekayə və Bir Əsərin Uğuru" adlı sərgi nümayiş olunacaq.
Roma, Latsyo regionu:
 
  • İyunun 2-dək Kuirinale Skuderiyalarında iki yüzdən çox şah əsərinin, xüsusən də Romada qaldığı dövrdə hazırladığı əsərlərdən ibarət "Raffaello" monoqrafiya sərgisi keçiriləcək;
  • 2020-ci ilin martından 2021-ci ilin yanvarına qədər Domus Aureada "Domus Aureada Rafael. Qrottesko Janrının İxtirası" adlı multimedia sərgisi keçiriləcəkdir.
 Peruca, Umbriya regionu:
 
  • 9 oktyabr 2020-ci ildən 10 yanvar 2021-ci ilə qədər Milli Qalereyada Rafaelin Perucada yaşadığı dövrdə çəkdiyi əsərlər nümayiş olunacaq;
 
Sadaladıqlarımız sevimli ölkəmizin 2020-ci ildə sizin üçün təşkil etdiyi tədbirlərin yalnız bir hissəsidir. Sərgilər Londonda, Vaşinqtonda, Berlində də təşkil olunacaqdır.

Müəllif: Giulia Clamer
Tərcümə: Nərgiz Cəfərova

06 Aprel 2020