Serco Leone, italyansayağı western

Serco Leone, italyansayağı western

Altmış, yetmişinci illər, amerikan western janrından fərqlənən italyansayağı spaqetti westernin qızıl dövrü hesab olunur. Bu film janrının ən görkəmli nümayəndəsi, bu janrda inqilab edən rejissor Serco Leone olmuşdur: onun kino aləminə bəxş etdiyi dəyişikliklərdən bu günə kimi istifadə olunur və bu da Serco Leoneni kino tarixinin ən önəmli rejissorlarından biri etmişdir.


Serco Leone 3 yanvar 1929-cu ildə kinomatoqrafçılar ailəsində anadan olmuşdur: atası, Roberto Roberti təxəllüslü  Vinçentso Leone səssiz kino rejissoru, anası Edvice Valkarenqi isə Biçe Valerian təxəllüsü ilə tanınan  aktrisa olmuşdur. Leone öz karyerasına ssenarist və rejissor köməkçisi kimi başlamış, eyni zamanda Vittorio De Sikanın Velosiped oğruları (1948) filmində epizodik rola da çəkilmişdir. Rejissor həmçinin İtaliyada lentə alınmış Quo Vadis? (1951) və Ben-Hur (1959) kimi məşhur Hollivud filmlərində də çalışmışdır.

Kamera arxasında rejissor kimi debütü isə 1961-ci ildə epik Rodi Nəhəngi filmi olsa da, film elə də böyük uğur qazanmır. Əksinə, 1964-ci ildə ekranlara çıxan Leonenin ilk western filmi Bir ovuc dollar isə dünya kino tarixini həmişəlik dəyişir və ardınca çəkdiyi  Bir neçə dollar artıq (1965) Yaxşı, Pis, Zalım (1966) filmləri ilə bərabər “dollar trilogiyasını” təşkil edir.

The dollars trilogy

Leone, adı çəkilən filmlərdə qədim Vəhşi Qərbin (West) səhra mənzərəsini xatırladan geniş, ucsuz-bucaqsız çöllərin fonunda, aktyorların baxışları və əllərinin  ən incə xüsusiyyətlərini iri planda göstərməyə çalışır ki, bu da qəhrəmanların hiss və duyğularını üzə çıxartmağa kömək edir. Rejissor bununla western janrının qaydalarını yenidən yazmış olur.

Leonenin rejissorluğundakı digər innovativ nüans, bəhs olunan hekayələrin ab-havasına uyğun olaraq, personajların səssizliyi və musiqilərin bir-birini əvəz etməsidir. Təbii ki, Serco Leonenin filmlərindən danışarkən maestro Ennio Morrikonenin ecazkar musiqilərini yaddan çıxara bilmərik. Onun fit səsləri, çaqqal ulartısını xatırladan səslər və digər valehedici ritmlərin vəhdətindən yaranan musiqisi gözümüzün önündə qədim Vəhşi Qərbin xəlvət, quraq mənzərələrini canlandırır. 


Leone filmlərinin digər fərqləndirici xüsusiyyəti kinayədir, rejissoru tam xarakterizə edən bu keyfiyyət, onun film qəhrəmanlarında da açıq-aydın görünür. Gənc Klint İstvud hiyləgər və mahir soyğunçu, Leonenin əks-qəhrəmanı olan adsız kişini canlandırırır. Bu obraz kinomatoqrafiya aləmində öz şlyapası, ponçosu və Toscanello siqarı ilə yaddaşlara həkk olunmuşdur.

Yaxşı, pis, zalım trilogiyasının son səhnəsi bütün dövrlərin filmoqrafiyasının ən məşhur kadrıdır. Film, adsız adam Yaxşının Pisə məşhur sözü ilə yekunlaşır: Bax, dünya iki kateqoriyaya bölünür: tapançası dolu olanlar və qəbir qazanlar. Sən qəbir qazırsan.


The good, the bad and the ugly - Final scene

“Dollar trilogiyasından” sonra Leone “zaman trilogiyasını” təşkil edən digər üç film də çəkmişdir: Bir dəfə Vəhşi Qərbdə(1968), “Başı aşağı” (1971) və çoxsaylı mükafatlar qazanmış, artıq hadisələrin köhnə Qərbdə deyil, iyirmi-otuzuncu illər Nyu York şəhərində cərəyan etdiyi “Bir dəfə Amerikada” (1984) filmi.  Filmə Morrikonenin bənzərsiz musiqisi xüsusi zövq qatmışdır. Bu gün Bir dəfə Amerikada filmi dünya kino tarixinin şah əsərlərindən sayılır.

Təəssüf ki, bu film həmçinin rejissorun son ekran işi olmuşdur. 30 aprel 1989-cu ildə Leone ürək çatışmazlığından dünyasını dəyişir və beləcə onlarla layihə yarımçıq qalır: kim bilir, ustad daha neçə belə şedevrlər yaradacaqdı. Bu gün Leone əsl kino əfsanəsidir, onun əsərləri və regissorluq üslubu bir məktəb kimi yaşayır və müasir kino üçün istinad mənbəyi olmaqda davam edir.  

Müəllif: Rita Pistore
Tərcümə: Gülnar Məlikova

30 Aprel 2020