Siciliyanın ulduzlu məkanları, Günəşli Adanın ən yaxşı restoranları

Siciliyanın ulduzlu məkanları, Günəşli Adanın ən yaxşı restoranları

Siciliya adası insanın arzu edə biləcəyi hər şeyə sahibdir: büllür dəniz, xəyal edilən çimərliklər, yüzillik tarixə malik qəsəbələr, mədəni və təbii sərvətlər bu adanı tayı-bərabəri olmayan bir məkana çevirmişdir... Siciliya xüsusilə də öz mətbəxi ilə hər zövqü oxşamağa qadirdir.

Siciliya kulinariyası, əsrlər boyunca bu ecazkar adada yaşamış və onu bənzərsiz, əsrarəngiz bir adaya çevrilməsinə səbəb olan  çoxsaylı xalqların mətbəx mədəniyyətinin təsirlərinə məruz qalmışdır. Regional mətbəx nümunələrindən yalnız bir hissəsini xatırlayaq, kassata, kannoli, sardina balıqlı pasta (makaron), Trapani kuskusu... Hələ bu torpaqların bəhrəsi olan, sonradan meydanlarda təşkil olan səs-küylü bazarların piştaxtalarında yer alacaq, küçələrdəki ərzaq piştaxtaları və bütün adaya yayılmış çoxsaylı restoranları xammalla təchiz edən  enoqastronomik məhsulları demirik.

Saysız hesabsız heyrətamiz dadların ana vətəni olan Günəşli Adanın özünəməxsus təamları ilə tanışlığa nə deyirsiniz?
Siciliyada istər ölkə, istərsə də dünya səviyyəsində, italyan mətbəxinin təntənəsini təşkil edən çoxsaylı restoranlar yerləşir. Belə ki, enoqastronomiya sahəsində ən nüfüzlu bələdçi olan Mişlen Bələdçisinin 2020-ci il hesabatında Mişlen ulduzlu 17 Siciliya restoranının adını görə bilərik. Bu restoranlar istifadə etdikləri inqrediyentlərin və xörəklərin keyfiyyəti, baş aşpazlarının ustalığı və şəxsi keyfiyyətinə görə müstəsnalıq təşkil edirlər: Signum (Malfa), Bye Bye Blues (Mondello), Il Bavaglino (Terrazini), Il Cappero (Lipari), I Pupi (Baqeria), Shalai (Linquaqlossa), La Capinera (Taormina), St. George by Heinz Beck (Taormina), Otto Geleng (Taormina), Zash (Arki), Sapio (Katania), Coria (Kaltacirone), La Fenice ( Raquza), Locanda Don Serafino (Raquza), Accursio (Modika).


Ən nüfuzlu ulduzlu restoranların arasında baş aşpazı Pino Kuttaya olan La Madia (Likata) və baş aşpazı Çiçço Sultano olan Il Duomo (Raquza) restoranlarını göstərmək olar. Bu restoranlar iki Mişlen ulduzundan əlavə, 2020 Gambero Rosso bələdçisinin ən yüksək Tre Forchette (Üç Çəngəl)  tituluna da layiq görülmüşlər. Il Duomo restoranı üstəlik, yenə də Gambero Rosso 2020-ə əsasən ilin restoranı adını qazanmış, restoranın baş aşpazı Çiçço Sultano isə ilin restoratoru titulu ilə təltif edilmişdir. Bir sözlə, biz yüksək italyan və Siciliya mətbəxinin ən yaxşısından bəhs edirik.

Bu restoranların hər biri ayrılıqda, öz xüsusi təamlarını, özəl yeməklərini təqdim edir, lakin onları birləşdirən ümumi dəyər təbii ki, doğma torpağa və öz kulinar ənənələrinə olan sevgidir, bu ənənənələr çox vaxt innovativ, müasir üsullarla yenilənsə də, Siciliya mətbəxini bütün yarımadanın ən gözəl və bənzərsiz mətbəxinə çevirən təməl xüsussiyyətlər heç zaman unudulmur.  


Təamlar süfrəyə verildikdə artıq əsl sənət əsərinə çevrilir, bu zaman heç nə təsadüfən seçilmir: rənglər, qatılıq və xüsusi incəliklə seçilib düzülmüş formalar ilk baxışdan insanın qəlbini fəth edir. Görünməmiş və ağlasığmaz uyğunluqlar dadları daha gözəl şəkildə vurğulayır və təzadlı ətirlər baş aşpazların ustalığı sayəsində ahəng alır, ət və balıq yeməklərindən tutmuş, ənənənəvi tipik şirniyyatlar belə, qonaqları bir daha təəccübləndirmək və müstəsna dada malik təamlarla tanışlıq məqsədi ilə yenilənərək nəfis şəkildə təqdim olunur.

Günəşli Ada bütün duyğular üçün əsl cənnət məkandır.

Müəllif: Rita Pistore
Tərcümə: Gülnar Məlikova

14 Aprel 2020