Təbii gözəllik, Bazilikata!!

Təbii gözəllik, Bazilikata!!

Məlumatların və görüntülərin işıq sürəti ilə yayıldığı, hər şeyin mümkün, əlçatan olduğunu düşündüyümüz bir dünyada, bizim üçün təəccüblənmək, utanmaq, sevincdən ağlamaq müşkül məsələ olub... amma yenə də özümüzü şux hiss etmək üçün güclü, təbii duyğular yaşamağa ehtiyacımız var!


Ucsuz-bucaqsız yamyaşıl düzənliyə baxıb heyran olmaq, tənha qaya üzərində ucalan təkəmseyrək evləri
görəndə mat qalmaq, mavi səmaya doğru yüksələn bir dağın qarşısında durarkən ürəyimizin çırpıntılarını hiss etmək necə də gözəldir... hə, bir də büllur kimi təmiz və əngin dəniz!

Yer üzündə hələ də bizim qəlbimizə yol tapa biləcək və bu "zərurət" duyğusunu aşılayacaq yerlərin olduğunu bilmək təsəllivericidir ... bizə gözlənilmədən saf həyat bəxş edən o yerlər! Qəlbinizin qapılarını açın və özünüzü duyğularınızı təzələyəcək bir italyan regionunun ixtiyarına buraxın: Bazilikata!!!


Basilicata, naturalmente bella

İtaliyanın ən böyük qoruğu sayılan Pollino Milli Parkında, müşk və yabanı otların qoxusu, səssizliyin hakim olduğu qüsursuz yalqız dərələr; sıra ilə düzülmüş kiçik kəndlər, yaşıl meşələr, çaylar, saf sulu bulaqlar, qızıl qartalların yuva saldığı, canavarların sərbəst dolaşdığı qarlı zirvələr ... və təbiətin hər gün yenilənən sehri!

YUNESKO tərəfindən Dünya İrsi elan olunan Sassi di Matera; əsrlər boyu insanın təbiətin səxavətli nemətlərindən istifadə edərək yaşadığı, tuf qayada oyulmuş binaları olan inanılmaz bir şəhər; labirint küçələr, həyətlər, bostanlar, kilsələr, qaya başındakı evlər və şəhərin paralel yeraltı dünyasına aparan qapı insanı heyrətə salır!

Tənha və kimsəsiz Krako şəhərinin küçələrində azıb qalmaq və o dövrün enerjisini hiss edə bilmək; Pietrapertoza və Kastelmetsano kəndlərini ağuşuna alaraq, cadugərlərdən, sehrbazlardan, talelərlərdən, sevgilər hekayələri və rəvayətlərdən bəhs edən sirli cığırlarla kəsişən, minillik tarixə malik Lukano Dolomiti zirvələri... və neçə belə saysız-hesabsız ecazkar gözəlliyə sahib olan kəndlər, əyalətlər, zərrə boyda dünyalar!

Ancaq Bazilikata demək, həm də büllur dəniz, nahamar sahillər, bəyaz çimərliyə çırpılan külək və köpüklü ləpələr deməkdir... şəhəri yüksəklikdən seyr edən Xilaskar İsa Məsihin əzəmətli heykəlinin ucaldığı, Maratea; Karetta Karetta tısbağalarının çoxalmaq üçün yön aldığı Polikoro təbii vahəsi; və nəhayət Metaponto, Bernalda, Nova Siri vəhşi təbiət mənzərələrinin silsiləsi ilə müşayiət olunan tarix və təbiətin mükəmməl vəhdəti!


Əgər bütün bunlarla hələ tanış olmamısınıza... artıq bunu etməyin əsl vaxtıdır!!! Barmağınızı xəritəyə uzadın və İtaliyada növbəti səyahət məkanı olaraq Bazilikatanı seçin...eksklüziv və unudulmaz!

Müəllif: Paola Casagrande
Tərcümə: Kəmalə Əliyeva

18 May 2020