Tısbağa adası, Qallinara

Tısbağa adası, Qallinara

Albenqa boyunca Ponente sahillərində, Liquriya dənizinin mavi suları ilə əhatə olunmuş əsl təbii bir vahə yerləşir.


Albenqa yaxınlığındakı Liguriya sahillərindən baxarkən bizə elə gəlir ki, asta-asta üzərək dənizdən çıxan bir tısbağa görürük: əslində bu, xüsusi formasına görə “tısbağa adası” kimi tanınan Qallinara adasıdır.

Tısbağa adası, Qallinara

Qallinara, Liquriadaki yeganə adadır və onun adı bir zamanlar adada məskunlaşan vəhşi toyuqların adından götürülmüşdür. Digər mənbələrə görə isə bu ad, Fransanın antik bölgəsi olan Qalliadan götürülmüşdür, çünki ada, oraya yollanmaq üçün keçid rolunu oynayırdı.

Bu gün Qallinara, təbiətin mütləq hakim olduğu və Aralıq dənizinə məxsus tipik bitki örtüyünün sıx yerləşdiyi meşə zolağından ibarət tənha kiçik bir adadır: 1989-cu ildən bəri ada regional təbii qoruqdur və burada xeyli sayda Aralıq dənizi qağayılarının koloniyası var.

Təbiətlə sıx təmasda olan mükəmməl sükut və əminamanlıq vəhdəti sayılan ada, müqəddəslərin və Papaların da sığınacaq yerinə çevrilmişdir. Burada insan varlığının yeganə əlamətləri, Benedikt rahibləri tərəfindən tikilən monastır, bir qala, kiçik kilsə və ensiz bir sahilə eniş zolagıdır.

Adada həmçinin, ecazkar sualtı mənzərə gizlənir: inanılmaz sualtı fauna və flora sərvəti. Dənizin dibində partlamamış müharibə qurğularının olması səbəbi ilə ixtisaslaşmış bələdçilərin müşayiəti ilə siz bütün bu sərvətləri kəşf edə bilərsiniz.


Misilsiz təbii sərvət olan "tısbağa adası" hər kəsi öz cazibəsi ilə ovsunlamağa davam edir.

Müəllif: Rita Pistore
Tərcümə: Kəmalə Əliyeva

24 Sentyabr 2020

Photo sources:
sodaliziosmart.it
sintony.it
ocean4future.org
tripadvisor.it
sviaggia.it