Toy konfetləri olmadan toy olmaz

Toy konfetləri olmadan toy olmaz

15 Dekabr 2019

Bəli məhz belədir, toyun əsas detalı sayılan toy konfetlərinə (bomboniera) dəyər vermək lazımdır, çünki onların mənası həqiqətən çox dəyərlidir. Nədən danışdığımızı bilmək istəyirsiz? Odur ki, aşağıdakı məqaləni oxuyaraq toy hədiyyə paketləri və ənənələri haqqında öyrənin.

Toy konfeti, yeni evlənənlərin öz qonaqlarına toydakı iştirakına və bəxşişlərinə görə təşəkkür etmək üçün günün sonunda verdiyi kiçik bir hədiyyədir. O, içində konfetlər olan balaca torba, yanında dəyərli bir əşya, üzərində toy tarixi, gəlin və bəyin adı yazılan balaca bir kartdan ibarət olan bir növ hədiyyə paketi sayılır. Adətə görə, konfetlər gəlinin ailəsi tərəfindən hədiyyə edilir və toy tortu kəsildikdən sonra paylanır. Adətən toy şahidləri və ən yaxın qohumlara xüsusi və daha qiymətli hədiyyə paketləri bağışlanır.

Konfetlər (confetti), yəni şəkərlə örtülmüş badam olmadan toy hədiyyə paketi olmaz. İtaliyada 15-ci əsrdə başlayan konfet istehsalı İtaliyanın mərkəzindəki Sulmona şəhəri ilə əlaqələndirilir. Konfetlərin sayı hər zaman tək rəqəm olmalıdır: adətən 5 ədəd olur, bunların hər biri bir niyyət ifadə edir: xoşbəxtlik, məhsuldarlıq, uzunömürlülük, zənginlik və sağlamlıq. Hətta şəkərli badamın (konfet) özü də simvolizmlə əlaqəlidir: şirin və turş dadı olan badam həyatı təmsil edir, şəkər örtüyü isə cütlüyün həyatının şirinləşəcəyinə işarədir. Kiçik bir torba konfetləri toya dəvət olunmamış, lakin tez-tez görüşülən qonşular və ya iş yoldaşları kimi tanışlara da paylamaq adətdəndir.

Bəy və gəlin xüsusi bir günün xatirəsi olan bu hədiyyələri, toyun mövzusuna uyğun hər bir qonaq üçün ayrıca olaraq özünəməxsus şəkildə seçir. Klassik hədiyyə paketinin içində kristal daş və ya gümüş bir əşya, adətən suvenir olur, lakin bu gün çox fərqli ideyalara rast gəlmək mümkündür.

Hər zaman daha dəyərli sayılan yerli qida və şərabdan, əsasən ev üsulu məhsullarından hazırlanan qastronomik hədiyyə paketləri də var: yağ, şərab, bal və s. Daha sonra hədiyyələr toxum, soğanaq (kök), bitkilər, bonsay (dibçəkdə ağac) kimi eko-dayanıqlı və yaşıllıqlardan da ola bilir. Kreativ olmaq istəyənlər isə özləri şam və ya sabunlardan da hədiyyə paketləri düzəldə bilərlər.

Bəs bu bomboniera (toy konfeti və hədiyyəsi) ənənəsi haradan qaynaqlanır? Bu termin, içində bon bon, yəni şirniyyat olan qutu mənasını verən bombonnière fransız sözündən yaranıb. XVIII əsrdə Fransa saraylarında bu qiymətli əşyalar təşəkkür əlaməti olaraq verilirdi və zadəganlar tez-tez özləri ilə gəzdirirdilər.

Bu gün bomboniera adlı tanıdığımız bu adətə bənzər bir adət İtaliyada artıq XVI əsrdə istifadə edilirdi. Belə ki, o zaman gələcək həyat yoldaşları və ailələri bu qutulardan bir-birinə pay verirdilər. Nişanlısı gələcək gəlininə gələcək üçün firavanlıq və məhsuldarlıq əlaməti olan şəkərli badam ilə keramik qab hədiyyə edirdi. İllər keçdikcə bomboniera adəti dəyişərək, bu günkü mənanı daşımağa başladı.

Bu gün hədiyyəli konfetlər yalnız toylarda deyil, digər xüsusi günlərdə də istifadə olunur ki, hər belə bir gün üçün müxtəlif rəngli konfetlər istifadə olunur. Məsələn, vəftiz (körpənin xaç suyuna salınması) günlərində qız uşağı üçün çəhrayı rəng, oğlan uşağı üçün mavi rəng, məzun olduqda isə qırmızı rəngli konfetlər paylanır.

Bir sözlə, toy konfetləri və hədiyyələri seçərkən diqqətli olun, çünki onlar sizdən  və sizin toyunuzdan qonaqlarınıza ömürlük kiçik bir xatirə kimi qalacaq.

Müəllif: Rita Pistore
Tərcümə: Səidə Eyyubova