Vazkeçilməzlər silisiləsindən: Sulmona konfetləri bütün dünyanı fəth edirlər

Vazkeçilməzlər silisiləsindən: Sulmona konfetləri bütün dünyanı fəth edirlər

Bizim mərasimlərə xüsusi gözəllik qatan çox vaxt ən kiçik detallar olur. Bu gün sizə “Italian Style” (italyansayağı) toyların vazkeçilməzi, bizim üçün dəyərli “şəkərli dənəciklərin” tarixçəsindən danışmaq istərdik: Konfetto!


Əvvəla qeyd edək ki, üzəri tamamilə ağ və ya rəngli şəkərlə örtülmüş badamdan hazırlanmış bu kiçik şirniyyat, bütün vacib mərasimlərdə istifadə olunur: beləliklə, konfetto yalnız toy mərasimləri deyil, ad günü, vəftiz (xaç suyuna salma) mərasimləri, toy ildönümləri, məzun gecələri kimi həyatımızın ən önəmli günlərinin bəzəyidir.

Konfettoya tarixin müxtəlif dövrlərində rast gəlmək olar. Bəzi nəzəriyyələrə görə isə bu dadlı şirninin tarixi hətta qədim Roma dövrünə, e.ə.I əsrə gedib çıxır.  Lakin konfetlərin bugünkü formasının yaranması XV əsrdən  sonraya, şəkər emalının Avropaya ayaq açmağa başladığı dövrə təsadüf edir. Həmin dövrdə, Abrutsonun incəsənət və mədəniyyət şəhəri Sulmona bu zərif dadlı şirninin istehsal və ixrac mərkəzlərindən birinə çevrilir.

Hazırlanmasında istifadə olunan Avola badamı, Pyemonte və ya Romana fındığı, Belçika şokoladı və s. kimi məhsulların keyfiyyətinə görə dünyada məşhur olan Pelino konfetləri məhz Sulmonada istehsal olunur. Fabrikin əsası 1783-cü ildə qoyulmuşdur. Həmin gündən etibarən Pelino ailəsi bu qədim ənənəni uğurla nəsildən nəsilə ötürməyi bacarmış və beləcə istər İtaliya, istərsə də xaricdə çoxsaylı nailiyyətlər qazanmışdır.

Fabbrica Confetti Pelino

Pelino konfetlərinin şöhrəti hətta İngiltərənin Kral Ailəsinə qədər gedib çıxmışdır. Belə ki, Kral Ailəsi ən vacib toy mərasimləri, Lady Diana və Şahzadə Karlonun unudulmaz toy mərasimindən tutmuş, son dövrlərə təsadüf edən Uilyam və Keyt, Henri ilə Meqanın toy mərasimləri üçün məhz Pelino konfetlərini seçmişdir. Hətta Mişlen bələdçisi belə bu konfetlərə biganə qalmayaraq onları öz siyahılarına daxil etmişdir. İtalyan konfetlərindən danışarkən ağla gələn ilk ad təbii ki, Pelino olur!

Lakin konfetlərin sevimli yeri, “Italian Style” toyların ayrılmaz parçası olan bombonieradır (kiçik bəzəkli konfet torbaları). Toy tonfetləri qiymətli materiallardan əllə hazırlanan bahalı konfet kisələrindən tutmuş rəngli kağız qutulardan hazırlanmış sadə və geniş yayılmış formalara kimi fərqli qablaşdırılmalara malik ola bilər. Müəyyən mənada artıq toyun klassik, dəbdəbəli, kreativ, zərif və ya şablondan kənar olacağından xəbər verən bu toy konfetləri, qonaqların səbirsizliklə gözlədikləri bir bəxşişdir.


Əgər siz də ailə qurmağa hazırlaşır və unudulmaz “italyansayağı toy” etmək arzusundasınızsa, sizin toy konfet qablarınız necə olur olsun, keyfiyyətli Sulmona konfetlərini unutmayın...bu, sizin qonaqlarınıza bəxş edə biləcəyiniz ən gözəl hədiyyədir!!!

Ətraflı məlumat üçün baxa bilərsiniz:
www.confettimariopelino.com
www.abruzzoturismo.it/it/sulmona

Müəllif: Paola Casagrande və Giulia Clamer
Tərcümə: Gülnar Məlikova

08 May 2020